AZƏRBAYCAN-Aİ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRİLİR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025
  • Avropa İttifaqının maliyyə dəstəyi ilə növbəti layihə həyata keçirilir. "Rüzgar" Ekoloji İctimai Birliyinin həyata keçirdiyi layihə Azərbaycanın kənd ərazilərində bazar rəqabətli gəlir mənbələrinin və iş yerlərinin yaradılması, eyni zamanda icma əsaslı təşəbbüslərə dəstək üçün İmişli rayonunun Telişli icmasının sakinlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənib.
    Telişli kəndinin ekomiqrant icmasında 1250 nəfərdən ibarət 276 ailə yaşayır. İcmanın əsas üzvləri peşəsi heyvandarlıq olan və keçmişdə köçəri həyat sürmüş “tərəkəmə”lərdir. Layihə üçün prioritet istiqamətlər ehtiyaclara əsasən 5 fəaliyyət növü üzrə seçilib. Bunlar əkin sahələrində irriqasiya sisteminin təkmilləşdirilməsi, xalçaçılıq, balıqçılıq, yeni sort keçi təsərrüfatının yaradılması, kənd təsərrüfatı məhsullarının satışı üçün yolüstü bazarın təşkilidir. İcmanın xüsusi diqqət ayırdığı sahələrdən biri xalçaçılıqdır. Avropa İttifaqının maliyyə dəstəyi ilə bu sahənin inkişafı üçün ayrılan köhnə binanın təmiri və yeni dəzgahların gətirilməsi nəzərdə tutulub.
    Bu icmaya 2 kənddən başqa, 2010-cu ildə Kür çayında baş vermiş daşqınlar nəticəsində evləri yararsız vəziyyətə düşən əhali üçün inşa olunan 104 müasir evdən ibarət ekomiqrant qəsəbəsinin sakinləri də daxildir. Kür çayının suları altında qalan bu ərazidə torpaqlar öz münbitliyini itirib, irriqasiya sistemləri dağılıb. Bu səbəbdən yeni süni suvarma kanallarına ehtiyac yaranıb. Layihə çərçivəsində uzunluğu bir neçə km-ə çatan suvarma kanalı çəkilərək sakinlərin ixtiyarına verilib.
    Kənd ərazisində balıqçılıq üçün də münbit şərait var. İcma üzvləri süni göllər yaratmaqla balıqçılıqla da məşğul olmaq niyyətindədir. Bu göllərdən böyük xərclər çəkmədən ildə 25-30 ton balıq məhsulları əldə etmək mümkündür. Qədim və zəngin heyvandarlıq ənənələrinə malik tərəkəmələr üçün yeni və məhsuldar heyvan cinslərinin yetişdirilməsi də prioritet sahədir. Bu səbəbdən xüsusi cins Hələb keçilərinin saxlanılması təklif edilib. Artıq bunun üçün kənddə yeni kiçik ferma da inşa olunur.
    Layihə çərçivəsində istehsal olunan məhsulların satışı üçün yolüstü bazarın tikilməsi də nəzərdə tutulub. Layihənin müddəti 3 ildir.
    Qeyd edək ki, təbii fəlakətlərə düçar olan aztəminatlı icmalar, köçəri həyat tərzini son 100 ildə bir neçə dəfə dəyişməyə məruz qalan icmalar Avropa İttifaqının yardım və dəstək verilməsi üzrə siyasətində prioritet yer tutur.

ความคิดเห็น •