27 il sonra Ağdama, yurduna dönən tanınmış qəzetçi elə anlar yaşadı ki... "Şükür qayıdış gününə"
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- “Yeni Müsavat” Media Qrupunun əməkdaşları olaraq Ağdama növbəti səfərimiz baş tutdu. Bu dəfə Ağdamı gəzmək üçün daha çox imkanımız və vaxtımız oldu. Çünki Ağdamın əksər kəndlərinə aparan yollar və tarixi abidələr minalardan təmizlənib. Buna görə də media nümayəndələrinin və rəsmi şəxslərin xüsusi icazə ilə həmin ərazilərə səfərinə şərait yaradılır.
Səhər saat 10-da başlayan səfərimizdə ilk olaraq Ağdam məscidini, Pənahəli xanın sarayını və “Qarabağ” futbol klubunun tarixi stadionu olan “İmarət”i ziyarət etdik.
Ağdamın xarabalığa çevrilən kəndlərindən, küçələrindən keçərək Milli Qəhrəmanlarımız Allahverdi Bağırovun, Əliabbas İsgəndərovun və digər şəhidlərimizin məzarlarını ziyarət etdik.
Bu səfərimizdə “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da bizimlə birlikdə idi. Ağdam rayonunun Xıdırlı kəndindən olan Ələsgər Süleymanov 30 illik həsrətdən sonra ilk dəfə Ağdam torpağına ayaq basırdı.
Xıdırlı kəndində olan ata-baba yurdu dağıdılan Ələsgər Süleymanov viran qalan Ağdam kəndlərini gördükcə kövrəlir və tez-tez “Vahid Qazi Ağdam haqqında “Ruhlar şəhəri” ifadəsini necə də yerində deyib” sözlərini təkrar edir.
Avtomobilimizlə Ağdamın Şelli, Abdalgülabı kəndlərini gəzirik. Şellinin ucsuz-bucaqsız nar bağlarının üstünü qar örtüb.
Bu səfərdə bizə bələdçiliyi elə Ələsgər Süleymanov özü edir. Kəndləri, məscidləri, abidələri göstərir, Ağdamın tarixini danışır. Bəzən yolları səhv salırıq, mənzil başına çatanda başqa bir kəndə gəldiyimiz görürük. Çünki yollar 27 il əvvəlki yollar deyil. Evlər dağıdılıb, ağaclar məhv edilib, su kanalları sıradan çıxarılıb...
Abdalgülabı kəndində fərqli mənzərəni görürük. Bu kənddə ermənilər uzun müddət, bəlkə də əbədi yaşayacaqlarını düşünərək onlarla yeni ev tikib, qəsəbə salıb.
Amma həmin evlərdən, ermənilərin inşa etdiyi tikililərdən Azərbaycan əsgərinin çıxdığını, yollarda Azərbaycan polisinin xidmətdə olduğunu gördükcə adam az da olsa toxtayır…
Şahbulaq qalasına çatanda, Şahbulağın suyuna əl vuranda vətən torpağının doğmalığını daha da hiss edirik.
Tarixi Şahbulaq qalası dağıdılmayıb. Hiyləgər ermənilər bu qalanı özlərinin taixi yalanlarına yaxşıca alət etməyi bacarıblar. Qala muzey kimi istifadə edilib, qondarma rejimin saxta tarixini göstərən əşyalar, aksesuarlarla doldurulub. Şahbulağın ətrafı isə restoran kimi fəaliyyət göstərib.
Səfərimizin son nöqtəsi olan Xıdırlı kəndinə, Ələsgər Süleymanovun ata yurduna çatırıq. Ələsgər Süleymanov daha əvvəl yayılan görüntülərdən də bilir ki, onun ata yurdu tamamilə dağıdılıb.
Kəndin yollarını, Qasım kişinin daş karxanasını, kəndi iki hisssəyə ayıran daş təpəni bizə göstərdikcə Ələsgər bəy kövrəlir. Bu, həm 27 illik həsrətin sevinci, həm viran qoyulmuş ata yurdunun mənzərəsinin ağrısı, həm də uşaqlıq illərinin gözündə canlanması idi.
Xıdırlıya, dağıdılan evlərə çatmaq üçün irəlilədiyimiz yollar Qiyaslı və Xıdırlı kəndlərini ayıran kanalın üstündə kəsilir. Kəndə aparan yol torpaqla bağlanıb. Səbəbi isə ərazinin təhükəli olmasıdır. Çünki əlverişli müdafiə nöqtəsində yerləşən Xıdırlı kəndi vaxtı ilə ermənilərin əsas sığınacaq və müdafiə mövqelərindən biri olub. Kənd ərazisindən keçən su kanalı səngər və sığınacaq kimi istifadə edilib. Dağıdılan evlərin həyətində postlar, müşahidə məntəqələri salınıb.
Ərazinin təhlükəli olması ilə bağlı məlumat lövhələri də diqqətimizi çəkir. Buna görə piyada irəliləmək fikrindən də daşınırıq. Ələsgər Süleymanov da israr etmir. Çünki 27 illik həsrətdən sonra Ağdama, öz kəndinə ayaq basıb. Bilir ki, bir müddət sonra qayıdışı daimi olacaq…
Yol boyu Əlsəgər bəyin telefonu susmur. Atası, qardaşı, qohumları tez-tez zəng edərək Ağdamı, Xıdırlını soruşur. Gördüklərini izah etməyə, onu dinləyənlərin gözündə kəndlərini canlandırmağa çalışan Əlsəgər bəyin tez-tez dilə gətirdiyi bir ifadə var:
“Havasını, havasını deyirəm sizə… Doymaq olmur…”.
Ağdama səfərimiz bitir. Artıq hava qaralmağa başaldığı üçün geri qaydırıq. Yolboyu ara-sıra avtomobildə Ələsgər bəyin istəyi ilə Qulu Ağsəsin Ağdam şeirini dinləyirik.
Hər dinlədikcə Ağdamın mənzərəsi ilə Ələsgər bəyi də kövrəldən şeirdə deyildiyi kimi: Ağdam şəhərim, şükür külünə, şükür qayıdış gününə…
İlkin Muradov
Video: Rafət Şahbazov
Kanala abonə ol : / tvmusavat
Email: Musavat7777@gmail.com
Kanala baxdığınız üçün təşəkkürlər